Ən ucuz büdcə səyahəti – Nərmin Kamilsoy

Sizə təcrübələrimdən, səyahət zamanı etdiyim səhvlərdən və düzlərdən yola çıxaraq, Avropa, Amerika və Cənubi Amerikada başa gələ biləcək mümkün olan ən ucuz büdcə səyahəti barədə yazacam. Çox geniş olduğu üçün bir neçə hissəyə böləcəm. Bu postlar əsasən ilk dəfə səyahətə çıxanlar üçün məlumat kitabçası kimi olacaq 🙂

Birinci yazımda çox texniki tərəfləri yazdım ki, digər postlarda bu adları istifadə edəndə məlumatlı olasınız və sizə rahat olsun. Post uzundur, amma bunu oxumağa təmbəllik etsəniz, neçə min km yolu necə gedəssiz?!

✅ Bilet almaq üçün istifadə edəcəyiniz sərfəli saytlar:

🔴 Skyscanner.com, Kayak.comdan bütün dünya üzrə ucuz və sərfəli biletləri tapa, ala bilərsiniz. Bunlar mənim istifadə etdiklərimdir, eyniz zamanda edreams.com, kiwi.com, momondo.com və s. saytlarına daxil olmaqla da biletlərin qiymətlərini müqayisə edə bilərsiniz.
Nə qədər (neçə ay qabaq) tez biletləri alsanız, bu sizə bir o qədər ucuza başa gələcək. Skyscanner həmçinin sizə hansı aylarda, hansı ölkələrə ucuz biletlər olduğunu da təklif edir. Bilet alarkən ölkələrlə bağlı diqqət etməli olduğunuz məqamlar da var ki, onları da qeyd gələcək postlarda qeyd edəcəm. Tutaq ki, istirahət və dəniz üçün Taylanda getmək istəyirsiniz, qiymətlər ucuz göstərir amma sezon deyil, həmin vaxt artıq musson yağışları gəlir.

✅ Avropada istifadə edəcəyiniz ucuz nəqliyyat:

🔴 Avtobus: Flixbus, Megabus
Flixbus dünyanın bir çox ölkələrində, eləcə də Avropa daxilində ən rahat avtobus şirkətlərindən biridir. Xüsusi bayramlarda bəzən endirimləri olur, bəzən isə qiymətlər çox pik həddə qalxır. Voucherlər vasitəsilə endirimlər əldə etmək mümkündür. Biletlərin vaxtını dəyişə və ləğv də edə bilərsiniz. Flixbus mənə o qədər rahat gəlir ki, 2 saatlıq belə yolu getməkdən zəhləsi gedən mən 15-20 saatı çox rahat getmişəm. Xüsusilə gecə səyahətini seçsəniz, yolun necə keçdiyindən xəbəriniz olmayacaq, əlavə vaxt itirməyəssiz, və avtobus boş olduğu üçün rahat uzanıb arxa oturacaqlarda yatmaq imkanınız olacaq.
Amma çalışın avtobuslarda heç nəyinizi itirməyin və ya yaddan çıxarmayın, baxmayın ki, Avropadır, geri ala bilməyəssiniz, daha doğrusu araşdırmayacaqlar və əşyanızı tapıb sizə geri də verməyəcəklər.

Megabus da çox rahat və güvənilir avtobus şirkətlərindən biridir.

🔴 Aşağıbüdcəli aviaşirkətləri: Ryanair, Wizzair
Wizzair və Ryanair Avropa daxilində aşağıbüdcəli hava yolu şirkətləridir. Budapeştdən Norveçə belə 4-5 euroya biletlər tapa bilərsiniz. Biletlər həmişə çox ucuz və sərfəli olur. Amma bəzən bu uçuşları həyata keçirən hava şirkətləri çox kənar aeroprtlarda yerləşirlər deyə, ora getmək və getdiyiniz ölkənin aeroportundan mərkəzinə getmək ondan neçə qat bahasına başa gəlir. Tutaq ki, 5 euroya Osloya uçursunuz, amma aeroportdan şəhərin mərkəzinə getmək isə 20 eurodur.

🔴 Maşın:
Blablacar.com (shared driving)- elə bir platformadır ki, sadə dillə desək, bir nəfər öz maşını ilə digər ölkəyə və şəhərə gedir, və gedəcəyi saatı, günü, çıxacağı yeri saytda elan edir. Müsbət tərəfi odur ki, tez çatırsan, bəzən avtobusdan qat-qat ucuz, bəzən isə baha ola bilir. Amma təhlükəli tərəfi də odur ki, sürücü hər cür tip adam ola bilər. Ona görə saytda həmin sürücü haqqında qiymətləndirməni görmək və digərlərinin yazdığı rəyləri oxumaq çox vacibdir. Son anda getməkdən imtina edib də sizi yarıyolda qoymaq kimi hadisələr də baş verə bilər. Mən iki dəfə istifadə etmişəm. Eyni zamanda sizi də qəbul etməmişdən qabaq, sürücü sizin haqqınızda digər sürücülərin verdiyi rəyləri də oxuyur ki, əmin olsun ki, siz də təhlükəsiz tipsiniz, yaxşı adamsınız.

🔴 Avtostop barədə isə yəqin ki, hamınız məlumatlısınız. Təhlükəsizliyə görə heç vaxt istifadə etməmişəm.

🔴 Rent a car- 3-4 nəfərdən çoxsunuzsa, qiymətləri, məsafəni, benzinin qiymətini də hesablayıb maşın rent edə bilərsiniz.

✅ Harda qalmalı?:

🔴 Xaricə gedəndə dstlarımın evi mənim üçün ən yaxşı və sərfəli qalınacaq yerlərdir, qalmağa həmişə yerim olur deyə, burdan səyahət xərclərindən kəsirəm. Çalışın dost çevrənizi həmişə geniş tutun, indi ölkədə dostlaşdığınız adamların çoxunu iki ildən sonra burda görməyəssiniz🙂
Və eyni zamanda dost tərəfdən bəxtiniz gətirməyibsə, yaxşı adamıssınızsa, Azərbaycanda səyahətçilərin olduğu ən böyük səyahət qrupu “Gəzəyənlər” qrupunda da bəlkə xaricdə yaşayan soydaşlarımızdan kimsə sizi dolma qarşılığında qonaq edər və ya bəlkə minimal məbləğ qarşılığında da sizi qonaqlaya bilərlər.
Azərbaycanlılar yaxşı və qonaqpərvər adamlardır, əgər bəxtiniz gətirsə🙂

🔴 Hostel, qonaq evləri, 3 ulduzlu hotellər- booking.com (əsas istifadə etdiyim), hostelworld və. s. Bəzi şəhərlərdə və ölkələrdə 2-3 ulduzlu hotellər də çox ucuz başa gəlir.

🔴 Airbnb.com. – mənzil, boş və ya bölüşmə otaq
Airbnb evlərin qiyməti bəzən hosteldən bir az daha çox, hoteldən isə ucuz olur. Üstəlik 4-5 nəfər olacaqsınızsa, xüsusilə sərf edir.
Airbnb və hostel seçərkən çox diqqət etməli olduğunuz məqamlar var. Qiymətləndirməyə mütləq və mütləq nəzər yetirin və insanların həmin məkanlar barəsində yazdığı rəyləri oxuyun. Təhlükəsizlik, təmizlik, qiymətin uyğunluğu, işçi heyyətinin köməkcil olması, qatar-avtobus dayanacaqlarına yaxınlığı, həmin ərazinin təhlükəsizliyi barədə müştərilərin rəylərinə əsasən qiymətləndirmə olur. Məsələn, mən Barcelonada hostelimə getməmişdən qabaq bilirdim ki, hamamda isti su kranı yaxşı işləmir, qalan hər şey isə normaldır. Şəhər kənarında olan hostellər və evlər daha ucuz olur, amma bu sərfəli deyil, getmək-gəlmək, bəzən qatar və avtobuslar çox gec işləmir. Mən həm bu səbəblərdən dolayı, həm də təhlükəsizlik üçün mərkəzə yaxın seçirəm hər zaman.
Və həmişə əvvəlcədən əlavə bir seçiminiz olsun ki, getidyiniz məkanda nəyisə bəyənməsəniz, hansısa problem çıxsa, getməyə başqa bir yeriniz olsun, panik olmayasınız.

🔴 Couchsurfing (ödənişsiz)- bu gedəcəyiniz ölkədən olan insanların yeni tanışlıqlar qurmaq, mədəniyyətlər tanımaq üçün evlərini pulsuz olaraq, digər insanlara açmasıdır. Sizi qəbul edərkən əsas şərtlərdən biri, sizin də öz ölkənizdə öz evinizi digər turistlərə açmağınız və haqqınızda insanların yazdığı müsbət qiymətləndirmədir. Əgər belə səxavətlilik etməmisinizsə, sizi qəbul etməkləri şans məsələsidir. Mən təhlükəsizliyə görə heç vaxt couchsurfingdən istifadə etməmişəm, amma siz etmək istəsəniz, şans nəticəsində sizi qəbul etsə, çox diqqətli olun, evində qalacağınız adam barədə digərlərinin rəylərini oxuyun. Son anda imtina da edər deyə, mən buna çox risk etmirəm.

✅ Amerikada nəqliyyat:

🔴 Ucuz hava yolu şirkətləri: Spirit, Jet blue və s. Sayları çox olsa da, mən bu ikisindən istifadə etmişəm. Spiritin oturacaqları çox narahatdır, açılmır, uzun yol zamanı adamın beli ağrıya bilər, amma qiymət digərləri ilə müqayisədə ucuzdur. Jet blue ilə qiymətləri təxminən eyni olur, amma Jet Bluenin oturacaqları daha rahatdır, yumşaqdır. 8 kqlıq bel çantasına və ya əl baqajına icazə var. Amma mən bəlkə 20 kq şey keçirmişəm. Skyscanner. comda qiymətləri müqayisə edə bilərsiniz. İncognitodan istifadə etməyi unutmayın.

🔴 Avtobus: Greyhound, Megabus, Peter Pan və s.
Busbud, wanderu, gotobuse.com saytlarına da daxil olmaqla, ən ucuz, müqayisəli avobus və qatar qiymətlərini görə bilərsiniz. Amma təəssüf ki, avtobus şirkətləri Avropadakı qədər mükəmməl deyil, və avtobuslar uzun yol üçün narahatdılar.

🔴 Yenə də Rent a car

Həm Amerika daxilində, həm də Avropada qatarları bu siyahılara daxil etməməyimin səbəbi çox rahat və surətli olsalar da, həddindən artıq baha olmalarıdır. Amma yenə də yoxlayın, bəzən ucuz biletlərə rast gəlmək olur. Almaniyada qruplar üçün endirimli həftəsonu paketləri olurdu ki, bu çox sərfəli idi.

✅ Gəziləcək yerlərin siyahısı:

🔴 Google’da “must see places in filan ölkədə” yazsanız, gedəcəyiniz ölkədə gəzməli olduğunuz bütün məşhur yerlərin siyahısı çıxacaq.

🔴 Tripadvisordan da istifadə edə bilərsiniz.

Çox əla olardı ki, gedəcəyiniz yerləri əvvəlcədən müəyyənləşdirəsiniz, bir-birinə yaxın və uzaq yerlərin siyahısını çıxarasanız, dayanacaq, avtobus, qatar nömrələrini qarşısına yazasınız ki, vaxtınız səhv yerə getməsin. Və əvvəlcədən mütləq offline maplar yükləyin. Mən bunu heç vaxt etmirəm, amma səhvdir etməmək.

✅ Harda yeməli?

🔴 Tripadvisordan və Yelpdən məşhur, dadlı yeməkləri olan və eləcə də ucuz kafe və restoranları tapa bilərsiniz. Səyahət zamanı ən önəmli şeylərdən biri də getdiyiniz ölkənin mətbəxini yoxlamaqdır. Məşhur yeməklərini, içkilərini, şirniyyatlarını və s. Bir dəfə yaxşı restoranda yeməkdən özünüzü məhrum etməyin. Amma gündə 3 dəfə restoranda yesəniz, bu sizin səyahət büdcənizi aşacaq.

🔴 Local kafelərdə də ucuz qiymətlərə rast gələ bilərsiniz.

🔴 Hostellərin mətbəxləri açıq olur, mağazadan ərzaqları alıb orada özünüz hazır edə bilərsiniz.

Digər postda isə səyahəti necə planlamalı olduğunuz barədə yazacam. Telefonunuzda Avropanın, Amerikanın xəritələrini hazır saxlayın:)

 

Müəllif: Nərmin Kamilsoy

Leave a Comment