İşdəki çətin tiplərlə necə baş etməli

Çətin insanlar hər yerdə qarşımıza çıxırlar və iş həyatı da istisna deyil. Dubaya işləməyə getdiyim ilk gündən ofisdə bir Cənub-Şərqi asiyalı logistika müdiri məni qaralamışdı. Təzə idim, hamı kimi mənim də kiçik xətalarım olurdu, nəsə fikrimdən çıxırdı və s. Amma yekun nəticədə heç nəyə təsir etməyən şeylər idilər. Bu adam onların hamısını bir-bir yazırdı dəftərinə. Gündəlik toplantılarımız olurdu və bir gün toplantı getdiyi yerdə şirkətin direktoru otağa daxil oldu. Logistika müdiri onu görən kimi tez dəftərini çıxardı və uca səslə başladı: Yaşar, sən filan vaxtı filan malı 1 saat gec planlaşdırmışdın, filan şirkətin məhsullarını dediyim günə yox, səhərisi günə cədvələ daxil eləmişdin..bu tipdə şeylər, tam olaraq işverənlik yəni. Düşündüm ki, indi qalxıb bu şəxsə hamının içində ağzıma gələni deyəcəm, amma özümü güclə saxladım, heç nə demədim. Yəni biz rəqib filan olsaq hardasa anlayaram belə davranışları. Amma təmiz ayrı şöbələrin, fərqli işlər görən işçiləriydik.

 
Mənim də öz məsləhət aldığım böyüklərim var. Gəldim onlardan birinin yanına. Ərz elədim bütün olub bitənləri və məsləhət istədim. Müəllimin dedikləri əsas olaraq bunlar idi:
– insanların davranışlarının formalaşması prosesi çox mürəkkəbdir. Onun gəldiyi zonadan olan insanların kiçiklikdən böyüdükləri mühitləri, valideynlik tərzlərini araşdırsan, çox şeyə məna verəcəksən.
– onun sənə hücum etməyi özünü güclü hiss etməsi deyil. Əksinə, özünü zəif gördüyü üçündür. Düşünür ki, sən potensiallı gəncsən və nə vaxtsa onun üçün “təhlükə” yarada bilərsən.
– iş həyatında nə olur olsun, aqqressiyaya heç vaxt baş vurma, soyuqqanlı olmağın əladır.
– belə insanları susdurmağın bir yolu zarafat və iynəli sözlərdir.
 
Bir müddət keçdikdən sonra yenə həmin şəxs başladı hamının içində eyni cürə danışmağa. Axıracan qulaq asdım və dedim:
– Müəllim, niyə bizə demirsən ki, səni təzə vəzifəyə keçiriblər?
– Nə..ə?
– Deyirəm istehsalat planlamağı məndən yaxşı bacarırsan. Deyən səni planlamaya keçiriblər, bizə xəbər eləmirsən?
– Error.
 
Camaatdan “haha”, “hihi” səsləri çıxdı. O da qızardı və heç nə demədi. Bir-iki dəfə də bənzər situasiyalar oldu, bənzər cavablar verdim. O gedən getdi. Nəticə olaraq, ekspertlər işdəki çətin insanlarla baş etmək üçün aşağıdakıları məsləhət görürlər:
1. Sakit olun, heç bir halda aqqressiv davranmayın.
2. Qarşındakı insanın belə etməkdə məqsədlərini anlamağa çalışın.
3. Komandadakı digər insanlardan fikirlərini soruşun.
4. Komanda ilə işdən əlavə də vaxt keçirin, onların vəziyyətlərini, hobbilərini öyrənin.
5. İnsan heç cür başa düşmürsə ignore edin.
6. Əgər vəziyyət sizə ciddi narahatlıq yaradırsa müdirinizə və HR şöbəsinə ölçü götürmələri üçün müraciət edin.

Leave a Comment