Əsir bir Türk yurdu – Güney Azərbaycan haqqında təəssüratlarım…

Güney Azərbaycan… Uzun illərdir kitablardan oxuduq onun haqqında, şəkil və videolarına baxdıq. Hər dəfə izləyəndə köks ötürdük. Məni yaxından tanıyanlar necə Güney aşiqi olduğumu bilirlər və uzun müddət idi ki, ora getməyi çox arzulayırdım. Güney Azərbaycanlı yaxın bir dostum məni qonaq çağıranda heç fikirləşmədən “hə” dedim. Yolun uzun və yorucu olacağını gözə almışdım onsuz da.
Əslində İrana getmədən əvvəl Türkiyənin Giresun şəhərinə, sonra da Ərzuruma getmişdim. Daha dəqiq desək, Giresunda 3 gün qalıb Ərzuruma getmişdim. Orada Güneyli dostumla (Həbiblə) görüşüb İran sərhəddinə gəldik. Həbib maşınını sərhəddin İran tərəfində saxlamışdı, ordan minib yola düşəcəkdik. Fotokamera (güneylilərin deyişiylə “dürbün”), qələm, dəftərçə və xəritəmi yanıma almağı unutmuram. Həm gəzidən əvvəl, həm də gəzi boyunca gördüklərimi, ürəyimdən keçənləri dəftərçəmə qeyd edirəm.

Hələ sərhəddi keçmədən bunları yazmışam:

Aç qollarını Təbrizim, Ərdəbilim. Dili bir, dini bir qardaşın gəlir. Vəfasız bir oğlun gəlir. Səni qoruya bilmədik… O xanlıqlar dövründə yaşayan əcdadlarımızın üzünə tüpürəsim gəlir. Fars, rus, ingilis kimi yırtıcıların müqəddəs Vətənimizin torpağına göz dikdiyi bir vaxtda 70-80 yerə bölünüb yem oldular. İnsanın heçmi ağlı, məntiqi olmaz? 400,000 km2 olan Azərbaycanı paylaya-paylaya gəlmişik. Kağız üstündə 86, 600 km2-ı əlimizdə qalıb. Qarabağı da çıxsaq cəmi 60,000 km2. O qalan torpaqlarda da nə oyunlar çıxardırlar ey Vətən! Allahım, sən bu millətə cəsarət ver, qıraq zəncirlərimizi…
17 iyun, saat gecə 22:00. İran Azərbaycan vətəndaşlarından viza istəmir, ona görə də rahatca keçirik sərhəddi. Hamı Azərbaycan Türkcəsində danışır, əsgərlər, gömrük və sərhəd işçiləri. Çox gözəldir. İlk qarşımıza çıxan balaca şəhərin adı Bəzirgandır. Yüz dolları tümənə çevirirəm orada: 100 dollara 120,000 tümən verirlər.

Maşına minib yola düşürük: Arazqırağı yolla Cəfərabad şəhərinə gələcəkdik, Həbibgilin evinə. Ensiz ikitərəfli yollarla irəliləyirik. Yol boyunca farsca yazılar var, oxuya bilirəm amma nə mənaya gəldiklərini bilimirəm. Buna görə də özümü qəribə hiss edirəm. Evoğlu, Danalı kimi Türk yer adlarına rast gəlirik, sevinirəm. Musiqiyə qulaq asa-asa gedirik. Playlistimizdə (çalma listəmizdə) Azərbaycan, Türk, İran mahnıları var. Mahnılar bir-birini əvəz etdikcə düşüncələrə dalıram: kaş ki Güney və Qarabağ bizdə olaydı, fars və ermənilərlə sülh şəraitində yaşayaydıq. Axı hamımız Allahın yaratdığı şüurlu varlıqlarıq…

Yol boyunca sal qayalı hündür dağlara baxıram, yavaş-yavaş gözlərim yumulur…

Günəşin şüaları üzümə vuranda oyandım. Həbib maşını yolun kənarında saxlayıb, o da yatıb. Onu oyatmamaq üçün fotoapparatımla astaca maşından çıxıram. İranda ilk şəkilləri çəkməyə başlayıram. Ətrafdakı dağları çəkirəm. Sən demə biz İran Culfasındaymışıq və mənim çəkdiyim yerlər bizim Naxçıvanın dağları imişlər.

Həbib də oyanan kimi yola düşürük, Arazın qırağına gəlib yolumuza buradan davam edirik. Arazın Naxçıvanla həmsərhəd hissəsində şəkillər çəkirik.
İranı Naxçıvana bağlayan “Dəmir Körpü”…
İranı Naxçıvana bağlayan
Orada Nar Mobile tuturdu, Nar nömrəmi taxıb dədəmə zəng edirəm.

Sonra “Xaraba Dəyirman” adlanan gözəl bir yerə gəlirik. Orada dupduru və sərin su çıxır yerdən, dərəyə axır.

Yenə yola davam edirik… İctimai radioda qəşəng xalq mahnılarımıza qulaq asırıq. Ermənistanın tuşuna çatanda radionun səsi kəsilir, yerinə başqa kanal girir. Brilliant Dadaşovanın da ifa etdiyi “Ağacda alma” xalq mahnımız səslənir. Müğənni ermənicə oxumağa başlayır, bəli ermənicə! Beləcə erməni sərhəddinə gəldiyimizi anlayırıq. “Bunlar nə həyasız millətdirlər” deyir Həbib. Hirsimdən radionu söndürürəm.

Ermənistanla sərhəd bölgələrdən keçirik… Bir kəndin şəklini çəkə bildim. Hərbi hissə görünür erməni tərəfdə. O anda əlimdə bir bazukanın olmağını çox istərdim…


Erməni tərəfdə Arazboyu qatar xətti uzanır. Dağı oyaraq içindən qatar relsi çəkiblər. Bu, Sovetin qüdrətli vaxtlarının məhsulu idi. Məhz o relslər Bakı ilə Naxçıvanı birləşdirirdi bir vaxtlar. İndi isə əlbəttə ki işləmir.

Qaz stansiyası görünür, xeyli müasir bir stansiya. İran məhz onun vasitəsilə ermənilərin həyat qaynağı olmaqda davam edir. Buradan Ermənistana qaz verilir.

Saat 11-də Araz qırağında gözəl mənzərəli bir yerdə səhər yeməyi yeyirik. Əkbər adında bir oğlan baxırdı ora, onunla da söhbətləşirik. Quzeyli olduğumu, qonaq olduğumu bilib məndən pul almaq istəmirdi, güc-bəla ilə verirəm pulu.
Arazın o tayında viran qalmış bir kənd görünür, içim qan ağlayır. Sonra xəritədən baxıram ki görünən yer Zəngilanın Mincivan qəsəbəsidir. Atamın bir yaxın dostu oralıdır. Bu şəkilləri ona göstərəndə nə hisslər keçirəcək görəsən…?!
Bu isə yeni tikilən Xudafərin Su Elektrik Stansiyasıdır…
Xudafərinə çatırıq. Körpünün şəklini çəkdiyim anda bizi İran əsgəri saxlayır. Bura sərhəd olduğu üçün şəkil çəkməyin qadağan olduğunu deyir və apparatımı istəyir. Ürəyimdə deyirəm “Yandın Yaşar. Ən yaxşı ehtimalda kameranı alıb verməyəcək.” Tez bazar Giresunda çəkdiyim şəkillər olan yeri açıram, əsgərə onları göstərirəm. O da icazə verir getməyimizə. Dərin bir nəfəs alırıq.
Xarabalığa çevrilmiş Qarabağətrafı əraziləri gördükcə çox pis hiss edirəm özümü. İstəyirəm nisgil bitsin, yenidən həyatın olduğu, yaşıl Azərbaycan kəndləri görünsün. Günorta Güney tərəfdəki Aslanduz şəhərinə çatırıq. Qarşı tərəfdə Füzuli rayonun ərazisində, böyük bir təpədə nəhəng Azərbaycan bayrağı görünür. İçimə təzədən sevinc gəlir. Bayraq dalğalanır və bütün bu ərazilərinin sahibi olduğunu isbat etməyə çalışırdı sanki.

Aslanduz şəhərində Nadir şahın tac qoyduğu təpə var, ora gedirik. Amma ətrafı əsgərlərlə doludur. Deyilənə görə o vaxt Nadir şah bu təpədə xeyli qızıl və zinyət əşyaları basdırıb, ona görə də qorunur. Komandirdən icazə alıb, kamera və telefonu maşında buraxıb təpəyə çıxırıq. Bəzi hissələri, daha doğrusu divarları salamat qalmış ev var orada. Mənim gözümsə hələ də Quzey tərəfdə idi, təpədən bizim kəndlər aydın görünürdü…

Gəzinin ikinci günü dincəldik və Güney Azərbaycanın Muğan bölgəsini gəzdik. Muğan bizim Biləsuvar rayonu ilə sərhəd ərazilərdir. İnsana sonsuz kimi gələn taxıl zəmiləri var hər tərəfdə…

Üçüncü gün mən deyərdim ən gözəl günüm idi, çünki Ərdəbil və Təbrizi gəzdik. Germi şəhərindən keçərək gedirik, yolda Savalan dağının şəkillərini çəkirəm.

Savalan dağının zirvəsində sərin sulu bir göl var, və hər il iyun-iyul aylarında insanlar ora çıxırlar. Mən də Savalana çıxmağı edəcəklərim sırasına əlavə edirəm (to-do list). İnşallah nə vaxtsa təzədən buralara gəlsəm hökmən çıxacağam zirvəyə.

Yeri gəlmişkən, İran Astarasından etibarən Xəzərin sahil ərazilərində azərbaycanlılar yaşamır. Oralarda talış və giləklər yaşayırlar. Giləklərin də özünəməxsus dilləri var.

Ərdəbildə Traktorsazi futbol komandasının şarf və posterini axtarırıq, amma heç harda tapa bilmirik. Çox qəribədir, İran liqasında Azərbaycanı ləyaqətlə təmsil edən bir komandanın Ərdəbildə niyə azarkeşi yoxdur? Axı Ərdəbil Güney Azərbaycanın iri şəhərlərindən biridir. Bunun da səbəbini öyrənirik.

FUTBOL İKİ TÜRK ŞƏHƏRİNİ BİR-BİRİNƏ DÜŞMƏN EDİB

Deməli belə. Əli Dayi adlı məşhur Ərdəbilli futbolçu var, yəqin ki bir çoxunuza tanışdır bu ad. Əli müəllim bir dəfə qələt edib deyib ki “Təbrizlilər eşşəkdirlər”. Buna görə də Təbrizdə Əlini bıçaqlamağa çalışıblar. Ondan sonra iki şəhərin arası dəyib.

Onu da deyim ki Güneydəki soydaşlarımız Ərdəbilliləri sevmirlər. Ərdəbillilər adətən farsı türkdən üstün tuturlar, farsca danışmağa çalışırlar və s. Divarlarda fars komandası Persepolisin posterlərini görəndə artıq təəccüblənmədim. Mənim şəxsən bir tanışım var Ərdəbildən, o da Türkçüdür və yaxşı bir insandır. O qardaşım da məndən qətiyyən inciməsin, xətrini çox istəyirəm. Sadəcə bəzi həqiqətləri yazmalıyam.

Ərdəbildə Şeyx Səfiəddin məqbərəsini və tarixi Cümə Məscidini gəzib yola düşürük.

Bu da tarixi Cümə Məscidi…

Növbəti mənzilimiz Səreyn qəsəbəsidir. Səreyn çox yüksək bir yerdə yerləşir, müalicəvi suları ilə məşhurdur. Havası da o qədər sərin olur ki, insana çox xoş gəlir. Turistik zona olduğu üçün müasir otellər var və İranın hər tərəfindən insanlar bura axın edirlər. Səreyndən çıxıb Təbrizə üz tuturuq. Yolda Əhər şəhərini də gəzirik.

Təbriz yolu qayalıdır.


Təbrizə gələndə artıq demək olar ki axşamçağı idi. İlk olaraq El Gölünə (Şah Gölü də deyilir) gedirik. Şah Gölünü bir neçə əsr əvvəl Fəxrəddin Şah düzəltirib. Bura Təbrizin bulvarı demək olar: insanlar axın-axın gəlib istirahət edirlər. Təbrizdə əsl Azərbaycan havasını hiss etmək olar. El Gölündə səhər-axşam Azərbaycan rəqsləri və xalq mahnıları səslənir. “Heyvagülü”nü eşidəndə qol açıb oynamaq istədim lap.

Təbriz və Bakı çox oxşayır. Hər şəhərin özünəməxsus bir qoxusu olur və mən Təbrizdə Bakının qoxusunu hiss etdim.


Təbrizin ortasından Acıçay keçir, amma deyəsən artıq quruyub. Bələdiyyə oranı düzəldib, özləri su vururlar çaya. Yəqin ki Acıçayı yaşatmaq istəyirlər, axı o, Təbrizin tarix boyunca ayrılmaz parçası və həyat mənbəyi olub.

Yeri gəlmişkən, onu da deyim ki Təbrizin qızları çox qəşəngdirlər.

 Saat Meydanında Traktorsazi şarfı və posteri ilə poza da verirəm 🙂

Şəhriyarın qəbrini də ziyarət etdik. O böyük insanın ruhuna elə qəbri başında Fatihə oxudum. Allah rəhmət eləsin.

Artıq axşam düşmüşdü. Göy Məscidə getməyi çox istəyirdim amma heyif ki gec idi. Axşam saat 10-da Təbrizi tərk edirik sərin və küləkli bir yay axşamında…
Yolda maşında kəlləni vurub yatırıq, bir də oyanırıq ki səhər açılıb. Guya gecə Türkiyə tərəfinə keçəcəkdik. “Eybi yox” deyib yola davam edirik… J

Saat 07:15… Uzaqda Ağrı dağı bütün əzəməti ilə görünür. Bu isə o deməkdir ki artıq Türkiyə sərhəddinə çatmışıq… Bəzirgan sərhəd məntəqəsindən Türkiyəyə keçirik. Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının buradan keçməsi qadağandır, sadəcə İğdırdan keçə bilərmişik. Tələbə olduğum üçün mənə icazə veririlər…


Beləcə Güney Azərbaycanı da gəzmiş oldum. Ümidləndim bir daha, İranda Türkçülük ölməyib. Bəli! Buna çox sevindim. Orada olanda Türkçü bir soydaşımla danışmaq nəsib oldu. Hal-hazırda həbsə olan milli fəalımız Səid Muğanlının yaxın yoldaşlarından idi. Belə insanlar var olduqca Azərbaycan yaşayacaq.

Bütün zəhmətlərə qatlanan Həbib qardaşıma da buradan çox təşəkkür etmək istəyirəm…

Dəftərçəmdən bir qeydlə yazını bitirirəm:

Hələlik gedirəm Təbrizim…Bir gün yenə qayıdacağam canım, gözünün yaşını silmək üçün qayıdacağam. Mərkəzi meydanına üçrəngli Azərbaycan Türk bayrağını taxmaq üçün qayıdacağam… Allah, sən bizə o günləri nəsib elə…

Leave a Comment