Bu postda xaricdə, böyük şirkətlərdə işləmək istəyənlər üçün bəzi məqamları açacağam.
Böyük şirkətlərdə işləmək arzusunda olanlar üçün iki xəbər var: biri pis, o biri yaxşı. Pis xəbər odur ki, CV-lərin 90%-ı heç HR-a çatmadan reject olunur. Yaxşı xəbər də odur ki, bunun öhdəsindən gəlmək olar: CV-ni qaydalara uyğun hazırlamaqla. Bir çox güclü namizədlər işə qəbul ola bilmirlər, sırf bu qaydaları bilmədiklərinə görə. “Amma bu ədalətsizlikdir” deyə bilərsiniz, başqa yol yoxdur, ancaq oyunu qaydalarına görə oynamaq lazımdır.
Nəhəng şirkətlərin demək olar hamısı Applicant Tracking System (ATS) deyilən proqramlardan istifadə edir. Bir pozisiyaya 1000 nəfər sənəd verir, onların elə vaxtı yoxdur hər CV-yə bir-bir baxmağa. Bu proqramlar sizin CV-nizi analiz edir, toplam iş təcrübənizi hesablayır, menecerlik etdiyiniz illəri hesablayır və haqqınızda bir paraqraf rəy çıxarır. Olduğunuz şəhər/ölkəyə görə filter edir. Yəni location-ı oxuya bilməsə avtomatik silinir CV – məndə bir vaxt yaşanıb belə problem. Ən əsası CV-dəki sözləri sayır. Məsəl üçün siz Supply Chain üzrə sənəd verirsinizsə yaxşı olar ki, bu sahə ilə bağlı sözlər daha çox təkrarlansın rezumenizdə. Başqa triklər də var, amma etik deyil və məsləhət görmürəm! Məsələn, lazım olan keywordləri çoxlu yazıb kopyalayırlar CV-nin altına, rəngi ağ edirlər, baxanda görünmür. Amma alqoritm yeyir bunu.
ATS proqramları Word formatı PDF-dən daha yaxşı oxuyur deyirlər. Amma mən PDF vermişəm problem olmayıb. Cədvəllərdən istifadə etməyin, bir çox ATS oxuya bilmir. CV-nizi standard başlıqlarla hissələrə bölün (Education, Contact Information, Skills, Work Experience kimi). Spelling və Grammar səhvləri olan CV-lər demək olar avtomatik reject olunur. Son olaraq da verilən müddətdə sizə geri dönüş olmasa, HR-a yazıb xatırladın. Bu, sizin ciddi olduğunuzun göstəricisidir.
Bonus: Glassdoor.com-da qeydiyyatdan keçib CV-nizi pulsuz revyu etdirə bilərsiniz. Onlar sizə göstərəcəklər ATS sizin CV-niz haqda hansı nəticəni çıxarıb. Eləcə də CV-nizdəki mənfiləri deyəcəklər, düzəldə bilərsiniz. Həmişəki kimi, faydalı bilsəniz başqaları ilə də paylaşa bilərsiniz.