Xidmət müəssisələrində simulyasiya modellərindən istifadə etməklə səmərəliliyin artırılması

Neftin qiymətinin sürətlə azalması bir çox neft istehsalçısı ölkələrə olduğu kimi Azərbaycana da öz mənfi təsirini göstərmişdir. Ölkəyə daxil olan pulun azalması milli valyutanın devalvasiyası ilə nəticələnmişdir. Belə bir vəziyyətdə dövlət və özəl müəssisələr mümkün qədər işlərini səmərəli qurmalı və xərclərini azaltmalıdırlar. Bu isə məsələlərə səthi deyil, elmi yanaşma tələb edir. Başqa bir çox ölkələrdə illərdir tətbiq olunan metodlar hələ ki, Azərbaycanda kifayət qədər tanınmırlar. Bu məqalədə, həmin o metodlardan birini müzakirə edəcəyik.
Bütün müəssisələrin hansısa formada resusları var. Bunlara işçilər, maşınlar, pul, avadanlıq və s. aiddir. Sual isə ondan ibarətdir ki, bu resurslardan ən səmərəli şəkildə necə istifadə etmək olar? Bu suala cavab vermək üçün bir çox metodlar var və biz o metodlardan biri olan simulyasiyadan danışacağıq. Əvvəlcə simulyasiya haqqında qısa məlumat verək. Simulyasiya reallıqda olan hər hansı prosesin virtual formada qurulmasıdır. Məsəl üçün, fərz edək ki, bir bank şöbəsi var və hər hansı müştəri banka daxil olur. Məqsədi Western Union vasitəsilə xaricə pul göndərməkdir. O, növbə nömrəsi götürür, növbəsi çatdıqda bank işçilərdən birinə yaxınlaşır. Bank işçisi ilə iş bitdikdən sonra həmin şəxs kassaya yaxınlaşır, pulu ödəyir. Kassirin verdiyi çeki götürərək yenidən bank işçisinin yanına qayıdır. Çekin bir nüsxəsini ona verir, sənədlərini götürür və bankı tərk edir. Biz bu prosesi kompyuter mühitində vizuallaşdıra bilərik. Həmin vizual model simulyasiya modeli adlanır.
Simulyasiya modelləri bizə nələri etməyə imkan verir?
• Düzgün seçim etməyə
• Müxtəlif alternativləri test etməyə
• Problemləri tapmağa
• Həssaslıq analizi etməyə
Bunun üçün bir neçə gün və ya həftə müşahidə aparılır. Müştərilərin gəlmə intervalı ölçülür və qeyd edilir. Məsələn, səhər iş başladı (Bu t=0 qəbul olunur). 6-cı dəqiqədə ilk müştəri gəldi. Növbəti ondan 8 dəqiqə sonra, daha sonrakı 3 dəqiqə sonra və s. Aşağıdakı cədvəldə kiçik bir nümunə verilib.

Daha sonra məlumatın riyazi analizi aparılır və paylanma funksiyası müəyyən olunur. Bunun üçün kifayət qədər inkişaf etmiş kompyuter proqramları var və bu proses çox az vaxt aparır. Aşağıda göstərilmiş məlumatların EXPONENTIAL(261) paylanma funksiyasına uyğun gəldiyi müəyyən olunmuşdur.

simulasiya

Bundan sonra artıq biz kompyuterdə (məsələn ARENA simulyasiya proqramında) minlərlə, milyonlarla, ssenari qura bilərik. Müxtəlif alternativləri test edə bilərik. “Bir deyil, iki kassir qoysaq müştərilər ortalama olaraq sistemdə neçə dəqiqə vaxt keçirərlər?”, “Ümumi xərcimiz nə qədər olar?”, “Daha səmərəli variant hansıdır?” kimi suallara cavab tapmaq olar.
Elə olur ki, məsəlçün banka gedirsən, adi pul köçürmə əməliyyatı üçün. Amma uzun növbədə gözləməli olursan və bu, bəzən 30-40 dəq qədər çəkir. Nahar fasiləsi bitmək üzrədir, işə qayıtmalısan amma pulu köçürməmiş qayıtmaq istəmirsən. Kassanın qarşısında uzun növbə olsa da bankın bəzi digər işçiləri boş olurlar. Bu, artıq işlərin səmərəli qurulmadığının simptomudur. Belə hallarda müştəri məmnun qalmır, bankın gəlirləri azalır. Eyni hal başqa xidmət müəssisələrinə, məsəlçün xəstəxanalara da aiddir. Xəstəxanalarda gözləmə vaxtı daha kritik göstəricidir və buna nəzarət də daha vacibdir.

Leave a Comment