Biznes və əmək bazarında gələcək trendlər
Bir çox platformlarda texnoloji inkişaf, gündən günə güclənən və yeni bacarıqlar qazanan robotlar barədə diskussiyaları yəqin ki, görmüsünüz. Elon Musk və Mark Zuckerberg bir-birləri ilə atışırlar bu mövzuda tez-tez. Musk süni intellektin və robotların insan sivilizasiyasına son qoya bilmə təhlükəsinin kifayət qədər ciddi olduğunu düşünür və dövlətin bu mövzuda qanunlar işləyib hazırlamalı olduğunu deyir. Zuckerberg isə əksinə. Bu dərin mövzudur, sonra müzakirə edə bilərik kim haqlıdır, kim yox. Amma ora qədər bəzi faktorları müzakirə etməyə ehtiyac var. Bu postda süni intellekt və robotların biznesə və əmək bazarına necə təsir edəcəyindən söz açacağıq. Gördüyümüz işləri 3 qrupa bölə bilərik:
– Tamamilə fiziki işlər (məs. tikinti işləri)
– Zehni, amma repetitiv olan və kritik düşünmə tələb etməyən işlər (tipik ofis işləri, maliyyə, və s.)
– Zehni, kritik düşünmə, dərin təcrübəyə əsaslanan qərar vermə tələb edən işlər (məs. həkimlər)
Əgər gördüyünüz iş birinci qrupdadırsa, bunu edən robotlar 30 ildir ki var. Amazonun tam robotlaşdırılmış anbarları var. Lazım olan məhsulları rəflərdən tapıb götürülər, daşıyırlar, konveyerə qoyurlar, məhsulun gedəcəyi ünvana görə sort edirlər. Və bunu insandan qat-qat tez və effektiv edirlər.
Əgər gördüyünüz işi bir alqoritm kimi kağıza yaza bilirsinizsə, onda deməli ikinci qrupdasınız. Bu qrupda olan işlər sürətlə insanlardan alınıb alqoritmlərə verilir. Dubaydakı əvvəlki işimdən misal verirəm:
– Hər səhər SAP proqramını aç
– MD04 tranzaksiya koduna daxil ol
– Raportları Excel-ə endir
– Stokdan açıq sifarişləri çıx
– Ən mənfidən müsbətə doğru sırala
– Ədədləri batch size`a uyğun yuvarlaqlaşdır
– Ən optimal şəkildə məhsulları və miqdarları sırala
– Həftənin günlərinə böl
– Raport hazırdır, göndər istehsal komandasına
Bu iş zehin tələb edir, amma təkrarlanandır və kritik düşünmə, illərin təcrübəsini tələb edən bir şey deyil. Proqramlaşdırma dilləri də ingilis, fransız kimi dillərdir. Məsələn yuxarıda yazdığım 2 sətrin Python dilində tərcüməsi
“SapGuiAuto = win32com.client.GetObject(“SAPGUI”) // session = connection.Children(1) // session.findById(“wnd[0]/tbar[0]/okcd”).text = “/NMD04” “-dur. 😊
İşinizi Azərbaycan dilində mənə izah edə bilirsinizsə 99% ehtimalla onu Python, R, C++ və s, hər proqrama başa salmaq olar. İş prosesimi Pythonda alqoritm şəklində kodlaşdırdım, kompyuter özü görürdü hər şeyi. Əvvəl 10 saatımı alan işi, alqoritm 15 dəqiqəyə edirdi, mən də bütün günü gəzirdim ofisdə. Axırda şirkət rəhbəri müdirimi çağırıb demişdi ki, bu adam veyillənir ortada, buna bir iş tapıb verin 😅
Üçüncü qrupda isə tamamilə yaradıcı və/və ya kritik düşünmə tələb edən və/və ya dərin təcrübə tələb edən işlərdir. Məsələn həkimlərin xəstəyə diaqnoz qoymaları, xərçəng xəstələrinin aşkarlanması. Karbamid layihəsində bir menecerimiz vardı fin, adamın 50 il təcrübəsi vardı beynəlxalq layihələrdə. Heç kim vəziyyətin hara getdiyini bilməyəndə o adam yön verirdi. Bəlkə 100 dəfə eyni situasiyalarda olmuş biri idi. Və ya musiqiçilər, müğənnilər, hansı ki insan yaradıcılığı tələb edir. Bu işlərdə robotlar hələ ki insanları tam əvəz etmək qabiliyyətində deyillər. Amma HƏLƏ Kİ. Artıq xəbərlər gəlir ki, Amerikada robot musiqi bəstələyib, insanlara Bethoven deyə təqdim ediblər. Heç kim seçə bilməyib ki, bu Bethovenin deyil, robotun işidir. Eləcə də, xərçəng xəstələrinin müəyyən edilməsi işində də robotlar canlı həkimlərdən daha çox dəqiqlik (accuracy) əldə ediblər. Çində onlarla həkim oturub, qarşılarında da kompyuter. Tomoqrafiyaları bir həkimlərə göstərirlər, bir də robota. Robot həkimlərdən daha düzgün diaqnoz qoyub 😉
Xülasə, süni intellekt çox da uzaq olmayan gələcəkdə insanları 99% əvəz etməyə hazır olacaq. Belə sual yaranır ki, onda bəs biz nə edəcəyik? Biz də robot və alqoritmləri quran, inkişaf etdirən, idarə edən vəzifələrdə işləyəcəyik. Elon Muskın planı alınsa Marsda koloniya qurub, orda təzə sahələr açacağıq 😊
Siz də fikirlərinizi aşağıda bölüşə bilərsiniz. Faydalı bilsəniz paylaşmağı da unutmayın.