Əskinasların qiymətləndirilməsi
Əziz kolleksioner yoldaşlar,
Əminəm ki, siz də dəfələrlə hansısa əskinasa bir qiymət verməyə çalışmısınız. Satarkən və ya alarkən, eləcə də dəyişərkən. Azərbaycan saytlarında yəqin görmüsünüz: 2 dolları 4000 manata, əzik və köhnə “Qız Qalası”nı 100 manata satanları. Bəs belə gülünc duruma düşməmək üçün nə etmək lazımdır? Əskinasların qiymətini necə müəyyən etmək olar?
Əvvəla onu başa düşmək lazımdır ki, kolleksiya əskinasları pomidor və ya kartof deyil. Dəqiq və konkret qiyməti olmur; hərə özünə görə ağılabatan bir qiymət qoyur. Buna baxmayaraq qiyməti təxmin etmək olar! Qiymətləndirmə kriteriyaları aşağıdakılardır:
1. Əskinasın üz dəyəri: məsələn əvvəlki seriyadan olan 10 000 manat (“Şirvan”) indiki pulla 2 manat edir. Ahaa..bu artıq müəyyən qədər fikir verir insana. Yəni üz dəyəri 2 manat olan, 20 il əvvəl dövriyyəyə buraxılmış pulu 100, 1000, 10 000 və ya 100 000 manata sata bilməzsən.
2. Əskinasın nadirlik dərəcəsi: Məsələn Azərbaycanın əvvəlki seriyadan olan 1000 manatlıqları (neft buruqları ilə olan) kolleksionerlərdə minlərlə, hətta on minlərlədir. O 1000 manat nadir əskinas deyil, ona görə ucuzdur. Üzərində Məmməd Əminin şəkli olan 1000 manatlıq isə təxminən bundan 3 dəfə bahadır. Nəyə görə? Çünki, o pullardan çox az qalıb. Eləcə də “Şirvan”ı müəyyən qədər nadir saymaq olar.
3. Əskinasın xüsiyyətləri: Əgər əskinasda çap səhvləri varsa, və ya nümunədirsə (specimen), seriya nömrəsi cəlbedicidirsə və s. bu hallarda qiymət artır.
4. Əskinasın vəziyyəti (dərəcəsi): Əlbəttə əskinasın özünün keyfiyyəti də əsas faktordur. Elə ola bilər ki, bir pulun UNC olanı, VF olanından 10 dəfə baha olsun.
Dediklərimizi bir yerə yığsaq: bəhs etdiyimiz nümunədəki “Şirvan”ın üz dəyərinin 2 manat, vəziyyətinin UNC, az tapılan olduğunu nəzərə alsaq üz dəyərindən 7-8 dəfə artıq qiymətə (15-16 AZN) təklif etmək olar.