Yeni dil öyrənənlərə tövsiyələrim
Dil öyrənmək çətindir, vaxt və əzm istəyən işdir. İngilis və rus dillərini evdə başlayıb, məktəbdə davam etdirmişəm. Amma sıfırdan kurssuz filan öyrəndiyim 2 dil var: fin və ispan. Xüsusilə fincə dünyanın ən çətin dillərindən hesab olunur. Düzdür, dilin içində, danışıldığı ölkədə olmaq böyük üstünlükdür, amma öyrənmə metodologiyasında elə bir fərq görmürəm. Mən etdiklərimdən aşağıdakı tövsiyyələri verə bilərəm:
– Öyrənəcəyiniz dilin hansı dil ailəsinə, hansı quruluşa, hansı xüsusiyyətlərə sahib olduğunu öyrənin. Məsələn fincə Ural-Altay dil ailəsindən gəlir, aqqlutinativ dildir. Yəni əksər hallarda sözlərin sonuna bizdəki kimi şəkilçilər əlavə olunur (ev-evə, koti – kotiin kimi). Amma məsələn ispan dilində “a la casa”, yəni ayrı söz kimi yazılır və deyilir ismin halları. Bu sadəcə bir nümunədir və dili öyrənərkən “böyük şəkli” görməyə kömək edir. Eləcə də nə qədər güc sərf edəcəyinizi təxmin edə bilərsiniz. Belə statistikalar var netdə: məsələn ingilisdillilər üçün ispancanı öyrənmək ortalama 23-24 həftə istəyir. Təbii ki, bu insandan insana dəyişir, amma fikir verməsi üçün yaxşıdır.
– İlk hədəf kimi 3 ay ərzində 1000 söz öyrənirdim. Təcrübəmdən bilirəm ki, 1000 söz küçədə-bayırda, marketdə, idarələrdə özünü idarə etməyə kifayət edir.
– Bundan əlavə sadə birləşmələr öyrənirdim. Salamlaşmaq, adını demək, halını soruşmaq, mənim.. varımdır (I have) tipli birləşmələr.
– Sözləri şeir kimi əzbərləmirdim. Dəftərə səliqəli yazırdım, gündə sadəcə 2-3 dəfə baxırdım. Belə olanda vizual yaddaşda qalır, daha effektiv olur.
– Qrammatika əzbərləmək ən yersiz işdir 😄 filoloq olmayacaqsınızsa qrammatikanı sonrakı fazalara saxlaya bilərsiniz.
– Danışıq klublarında mütəmadi iştirak etmək, səhv-düz danışmaqdan qəti çəkinməmək lazımdır.
– Həmin dildə mahnılara qulaq asmaq, filmlər izləmək lazımdır. Hətta öz-özünə xarici dildə danışmaq! Bir sözlə beyin hərtərəfli o dillə əhatələnməlidir. Mən ispanca dərs materiallarını CD-dən telefonuma köçürmüşdüm, hər gün uniyə gedəndə qulaq asırdım. Bir müddət sonra danışanda avtomatik çıxırdı o sözlər ağzımdan. Bəziləri deyir ki, kinoya baxıram, qulaq asıram xeyri yoxdur. Belə şeylərin xeyrini 1-2 gündə hiss etmək mümkün deyil. Bir müddətdən sonra hiss edirsən ki, danışdıqca sözlər, ifadələr ard-arda gəlir.
-Sosial mediadan istifadə edin, dil qruplarında aktiv iştirak edin.
– Sistematik olaraq irəliləyin və səviyyənizi test edin. Avropa sistemində 6 səviyyə var, sıfırdan ən mükəmmələ: A1, A2, B1, B2, C1, C2. A1, A2-də ehtiyac yoxdur amma B2-yə (upper intermediate) çatanda imtahan vermək olar. Hər dilin öz standard imtahanları olur (ingiliscə üçün TOEFL/IELTS, fransızca üçün DELF, ispanca üçün DELE, fincə üçün YLEISET KIELITUTKINNOT SUOMI və s.). Özünüzü rahat hiss edəndə imtahan verin, əlinizdə rəsmi sertifikat/diplom olsun. Bu həm də sizə harasa sənəd verəndə özünüzə güvən yaradacaq.
Belə. Mənim yadıma düşənlər bunlardır. Əlavələriniz varsa aşağıda yaza bilərsiniz.